MENU
Monza Kino Festivalında alınan mükafatla bağlı bəyanat / 13 noyabr 2024
Bir neçə gün əvvəl xəbər aldım ki, "Fraqmentlər" filmimiz Monza Film Festivalında "Ən Yaxşı Elmi-Fantastika Filmi" mükafatını qazanıb. Bunu şəxsən edə bilməsəm də festival təşkilatçılarına və ən əsası, film üzərində işləyən komandaya minnətdarlığımı bildirmək istəyirəm. Ümid edirəm ki, layihə iştirakçıları etiraz etməzlər: Bu mükafatı baxışlarımızın bir birinə yaxın və ya uzaq olmasından aslı olmayaraq Azərbaycandakı bütün siyasi məhbuslara həsr etmək istərdim.
I. Əbilovun filminin Madrid Müstəqil Film Festivalında premyerası ilə bağlı bəyanat / 15 noyabr 2024
Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasından hər kəsə Hola.
Madrid İndie Film Festivalında iştirak etmək imkanına görə çox qürur duyuram və təşkilatçılara minnətdaram.

Filmimiz Andrey Polupanovun təşkil etdiyi təlim kursunun bir hissəsi olaraq çəkilib və ona film çəkməyə başlamaq imkanına görə minnətdarlığımı bildirmək istəyirəm. Layihəyə inanan və çəkilişləri sevinc və möhtəşəm xatirələrə çevirən filmimizin heyətinə böyük təşəkkürümü bildirirəm. Amma ən böyük minnətdarlığımı həyatım boyu bütün layihələrimdə məni dəstəkləyən və bu gün elmi və ictimai fəaliyyətimə görə təqib olunanda da məni dəstəkləyən valideynlərimə, bacılarıma, dostlarıma və yaxınlarıma ünvanlayıram. Ümid edirəm ki, ədalət tezliklə zəfər çalacaq, günahsızlığım sübut olunacaq və azadlığa çıxdıqdan sonra Madridə gələ, dostlarımla görüşə və festivaldakı bütün filmlərə baxa biləcəyəm.

Hər kəsə bir daha təşəkkür edirəm. Hər kəsə təbəssümlər göndərirəm və həmişə sevinc və dolğun bir həyat üçün səbəblər tapmağınızı arzulayıram.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən sonra bəyanat / 20 may 2025
Dəyərli dostlar!

Qəlbim ailəmlə, xalqımla, dostlarımla, məni dəstəkləyən hər kəslədir. Mənim qəlbim azaddır.

Burdan hər kəsə salamlarımı və minnətdarlığımı çatdırıram: geniş ürəkli valideynlərimə, yaxınlarıma, dostlarıma, bu ittihamlardan qorxmayıb, mənimlə həmfikir ola-ola və ya olmaya-olmaya məhkəmələrimə gələnlərə, müdafiəmə qalxanlara, səslərini ucaldanlara, yüksək səslə ya da ürəklərində, vicdanları önündə bu təqiblərlə razı olmayan hər kəsə təşəkkür edirəm. Xüsusi minnətdarlığımı öz mübariz və ədalətpərəst vəkillərim Fariz Namazlı və Rövşanə Rəhimovaya çatdırıram. Onlarla tanış olduğuma şadam.

Mən xoşbəxtəm, çünki bilirəm ki, siz də mənim kimi insanların bərabərliyinə inanırsınız. Heç bir insan öz cinsiyyətinə, milliyətinə, dilinə, dininə, məzhəbinə görə heç bir hüququndan məhrum edilə bilməz.

Ötən günlərdə təcridxana dəhlizində üzü-gözü şişmiş Əhməd Məmmədlini gördüm. Burdan ona öz salamlarımı və dəstəyimi göndərirəm! Onun kimi saf, savadlı, həqiqətpərəst cavanlar dövlətin ümidi və gələcəyidirlər.

Həmişə azad və gülərüzlü olun! Elm və daxili azadlıq QULAQdan daha güclüdür!
Monash Universitetinin (Melburn, Avstraliya) tələbələrinə müraciət / 14 oktyabr 2025
Əziz dostlar!

Bu yaxınlarda mənə müdafiəm üçün başladığınız kampaniya barədə xəbər gəldi. Dəstəyiniz məni dərin təsirləndirdi və şərəfləndirdi. Bu addımınız üçün sizə minnətdarlığımı bildirmək istərdim.

Azadlıq bölünməzdir və vətəndaşlıq, etnik mənşə, dil, din, cinsiyyət və ya siyasi baxışlara görə sərhəd tanımır. Birinin azadlığı hər kəsin azadlığıdır. Hər kəsin azadlığı isə harada doğulmasından və harada yaşamalarından asılı olmayaraq hər bir fərdin azadlığıdır.

Bərabərlik şərti ola bilməz. O, ya mövcuddur, ya da yoxdur. Mənim indi olduğum yerdə o mövcüd deyil. Həbsxana isə bizim yaşadığımız əsarət və senzura şəraitinin sadəcə fiziki təzahürü və təsdiqidir. Bu, geniş yayılmış inancın əksinə olaraq, azadlıqdan məhrumetmə deyil, əsarət zəncirlərindən qurtulmağa, dominant narrativi sual altına almağa cəhd etdiyiniz üçün təqibdir.

Biz şəxsən görüşməmişik. Amma sizlə eyni akademik və insan azadlıqları ideallarını paylaşdığımızı bilmək məni sevindirir.

Minnətdarlıqla,
İqbal
Məhkəmədə Talısh dilindən istifadə ilə bağlı bəyanat / 25 oktyabr 2025
Bir dilin itməsi və tarixə qovuşması üçün nə etmək lazımdır? Onu bütün ictimai sahələrdən silmək, dörd divar arasına salmaq və hətta o divarların içində belə küncə sıxışdırmaq kifayətdir. Bu gün talış dilinin ölkədəki vəziyyəti məhz belədir.

Bu vəziyyətə etirazımı bildirmək üçün mən haqqımda açılmış cinayət işi üzrə ilkin məhkəmə instansiyasında son sözüm zamanı və apellyasiya məhkəməsində çıxış edərkən tərcüməçi tələb edərək öz ana dilimdə – talış dilində çıxış etdim. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri bu tələbimə əvvəlcə qulaqdeşici və anlaşılmaz səslərlə reaksiya versələr də, sonra tələbimi təmin etdilər. Lakin dəvət etdikləri iki tərcüməçinin heç biri fikirlərimi düzgün şəkildə tərcümə edə bilmirdi. Tərcümələrə dəfələrlə düzəlişlər verməli olduğum üçün çıxışımı yarımçıq dayandırmaq məcburiyyətində qaldım. Şirvan Apellyasiya Məhkəməsinin dəvət etdiyi tərcüməçi də eyni şəkildə işini peşəkarcasına yerinə yetirə bilmədiyi üçün çıxışımı özüm tərcümə etmək məcburiyyətində qaldım. Bunun səbəbi onların talış dilini bilməməsi deyil, ölkədə bu dilin istifadə arealının qəsdən daraldılması, talış dili tərcüməçiləri və müəllimlərini hazırlayan heç bir təhsil müəssisəsinin mövcud olmamasıdır. Bu vəziyyəti dilə gətirən hər kəsin isə "xəyanətkar" damğası ilə 18 ilədək azadlıqdan məhrum edilə bilməsi problemi daha da dərinləşdirir.

Mənə verilən "cəza" sadəcə mənim, ailəmin və yaxınlarımın sınağı deyil – bu həm də cəmiyyətimiz üçün bir sınaqdır. Biz bir-birimizin bərabərliyinə, bərabər hüquqluluğuna nə qədər səmimi inanırıq? Hər kəs, hər insan, hər xalq, hər dil gözümdə doğrudanmı bərabərdir? Yoxsa Corc Oruelin dediyi kimi: "Hər kəs bərabərdir,amma bəziləri digərlərindən daha bərabərdir"? Əgər talış dilinin qapalı məhkəmə zalındakı qəfəsdən belə səsləndirilməsi kimisə narahat edib və qıcıqlandırıbsa, bu, özü-özlüyündə cəmiyyətimiz üçün təəssüf doğuran bir haldır.

Mənim məhkəmədə talış dilində danışmağımın səbəbi heç bir dili bəyənməməyim deyil, sadəcə öz ana dilimi müdafiə etməyimdir. Buna əsəbləşib sərt reaksiya verənlərin məsələyə belə münasibət göstərmələrinin səbəbini bilmirəm.

Amma öz adımdan deyə bilərəm ki, mən həmişə insanların, xalqların, mədəniyyətlərinin və dillərinin bərabər hüquqlu olduğuna inanmışam. Bu sadə, amma vacib fikrə qətiyyətlə inanan bütün insanlara öz salamımı və dərin minnətdarlığımı təkrar çatdırıram.
Şirvan Apellyasiya Məhkəməsinin hökmündən sonra bəyanat / 23 oktyabr 2025
Mən Azərbaycandan gedəndə hələ 8 yaşım tamam olmamışdı. Keçən ilin yayına qədər Azərbaycana gəlişlərimin hamısını üst üstə qoysaq bir il belə olmaz. İndi o vaxtdan bu yana ilk dəfədir ki, mən bir ildən çoxdur ki, Azərbaycandayam. Zindanda.
Amma mən özümü azad hiss edirəm – hər sabah oyananda, hər gecə yuxuya gedəndə, hər dəfə müstəntiqlərin, prokurorların, hakimlərin qarşısına çıxanda. Çünki insan özünə azad düşünməyə icazə verdiyi vaxta qədər azaddır. Öz ürəyində, evdə, universitetdə, zindanda, küçədə insan öz azadlığını öz vicdanı qarşısında təsdiq edir.

Kimsə düşünə bilər ki, mövcud şəraitdə mənim bu fikrim zindana aparan yol idi. Amma mənim üçün o həmişə azadlıq yolu olub. Azadlığın və elmi obyektivliyin yeganə mümkün olan yolu.

Həbs olunduqdan sonra gözlərimlə gordüm ki, Canni Rodarinin qəhramanı Çipollinonun atası Çipollone düz deyirmiş: zindanlarda neçə-neçə qeyrətli insanlar oturur! Məndən 30 gün sonra pasifist fikirlərinə görə Bəhruz Səmədov tutuldu. Sonra öz hüquqmüdafiəçi fəaliyyətinə görə Rüfət Səfərov həbs edildi.

Biraz sonra öz və digər siyasi dustaqların məhkəmə iclaslarında gördüyüm jurnalistlər Fərid İsmayılov, Ülviyyə Əli, Xəyalə Ağayevanın həbs olunduqlarının xəbərini eşitdim. Ötən bir il içində onların müstəqil mediyadakı həmkarları zindana salındılar: Şəmşad Ağa, Nurlan Qəhrəmanlı, Aynur Elgünəş, Aytac Tapdıq, Aysel Umudova, Natiq Cavadlı, Ramin Deko. Onlardan sonra ictimai fəal Əhməd Məmmədli də tutuldu.

Öz uzunmüddətli ictimai, siyasi və jurnalist fəaliyyətlərinə görə Tofiq Yaqublu, Anar Məmmədli, Akif Qurbanov, Bəxtiyar Hacıyev, Ələskər Məmmədli, Ruslan İzzətli, Ülvi Həsənli və onun “Abzas Media”daki həmkarları bugün həbsxanadadırlar.
Ellias Kanettinin sözlərini biraz başqa cür desək – Zindan bir təhdid olaraq iqtidarın xırda puludur. Siyasi məhbusların hamısı bu qanunsuzluğun corpus delicti-sidi.

Buradan onların hər birinə, onların yaxınlarına öz dəstəyimi göndərirəm. Onlara və mənə dəstək olan hər kəsə, bütün fəallara, ölkədaxili və beynəlxalq təşkilatların hamısına bir-bir öz minnətdarlığımı çatdırıram. Xüsusi minnətdarlığımı öz ailəmə, dostlarıma, yaxınlarıma, vəkillərim Rövşanə Rəhimovaya və Fariz Namazlıya, hüqüqlarımı müdafiə еdən komitənin sədri Hilal Məmmədova və onun bütün üzvlərinə çatdırıram.

Siyasi məhbusların düşüncələri bir birindən fərqli ola bilər, amma mən inanıram ki, hər kəsin öz fikrini azad ifadə etmək haqqı var. Çünki azadlıq bir birinə nifrətlə deyil, sadəcə öz haqqlarını düşünməklə deyil, qətiyyətlə bir birinin haqqlarını dəstəkləməklə gəlir.
Ad günü münasibətilə bəyanat / 12 dekabr 2025
Deyirlər ki, hər il ad gününü yeni bir məkanda qeyd etmək yaxşı ənənədir. Keçən doğum günümü Bakının mərkəzindəki Alov qüllələrinin işıqlarına baxaraq qeyd etdim. Bu il isə mənə Qaradağın keçəl təpələrinin yaxınlığında bayram tortunun bir dilimini yemək qismət oldu. Gizlətmirəm, maraqlı bir təcrübə idi.

Doğum günümün tarixini seçməmişəm. Eləcə də cinsimi, dərimin, gözlərimin, saçlarımın rəngini, ailəmi və onun mənsub olduğu etnik və konfessional qrupları seçim etmək imkanım da olmayıb.

Bir etiraf etmək istəyirəm: mən qoroskoplara inanmıram. Amma inansaydım belə, çətin ki, oxatanların bəşəriyyət üçün tərəzilərdən və ya balıqlardan daha vacib olduğuna, oxatanların digərlərindən daha çox hüquqa malik olduğuna və s. inanardım. Necə ki, hansısa bürc altında doğulmağına görə qürur duymaq qəribə görünərdi, eləcə də doğumla əldə etdiyin milli mənsubiyyətə, cinsə və ya dərinin rənginə görə qürur duymaq da qəribədir.

Mən talış olaraq doğulduğuma görə qürur duymuram. Amma “talış” sözünün süni şəkildə “cənub” və “cənublu” sözləri ilə əvəzləndiyi bir şəraitdə, talış dilinin yox olma həddinə çatdığı bir şəraitdə (mövcud vəziyyət dəyişməsə, təcili tədbirlər həyata keçirilməsə, Azərbaycan daxilində 2-3 nəsldən sonra talış dili yox olacaq), öz talış kimliyini müdafiə edən hər kəsin 18 il müddətinə azadlıqdan məhrum edilə biləcəyi bir mühitdə talış olduğumu açıq şəkildə ifadə edə bildiyimə görə qürurluyam.

Mənim üçün talış olmaq yalnız anamla danışdığım dilə, talış təbiətinə və talış yumoruna doğmalıq demək deyil. Ən əvvəl bu, assimilyasiyaya və yox olmağa qarşı müqavimət, varlıqla yoxluq arasında ontoloji və ekzistensial bir seçimdir.

Bu gün istəyirəm ki, burdan dəstəyimi həbsdə olan digər talış aktivistlərinə – Kamal İsayevə, Aslan Qurbanova, Ruslan Vahabova və başqalarına çatdırım. Bilirəm ki, onların daictimai fəaliyyətinin, aktivizminin yeganə səbəbi doğma dillərinin yoxa çıxması qorxusudur. Və bu qorxu həbsə düşmək qorxusundan daha güclüdür. Mövcud şəraitdə öz doğma dillərini, öz milli kimlik hüquqlarını qoruyan bütün talış aktivistlərinə minnətdarlığımı bildirirəm.
Ana Dili Günü münasibətilə bəyanat / 21 fevral 2026
21 fevral – Beynəlxalq ana dili günü – mənim üçün kədərli gündür. Çünki bu gün mənə bir daha xatırladır ki, mənim ana dilim – talış dili – yox olmaq həddindədir. Bu gün mənə xatırladır ki, ana dilimdən istifadə imkanları məhduddur: ictimai həyatın sahələrində onun işlədilməsi qorxu ilə müşayiət olunur və yalnız icazə ilə mümkündür. 

Həbsdən sonra bu məhdudiyyətlər şəxsən mənim üçün daha da artdı: məsələn, DTХ təcridxanasında və 1 nömrəli Bakı istintaq təcridxanasında valideynlərimlə telefonla talış dilində danışmağım qadağan olunmuşdu. Amma məhz DTX təcridxanasında mən məhbus yoldaşlarıma talış dilini öyrədirdim. Çünki mövcud şəraitdə azadlıq – harada olursan ol, ana dilində danışmaq, onu öyrətmək, qorumaq, bu dildə yazmaq deməkdir.
Ana dili günü – bir gün deyil, hər gündür. Ana dilinin yeri yalnız ev deyil; küçə, məktəb, universitet, elmi konfrans, həbsxana – hər yerdir.

Hər bir dil insanların ünsiyyət vasitəsidir. Mən uşaqlıqdan çox dil, çox mədəniyyət bilmək, hətta onları “özümünkü” kimi qəbul etmək istəmişəm. Necə ki, indi mən talış, Azərbaycan türkçəsi, belarus, rus və digər dilləri “özümünkü” sayıram. Necə ki, mən rus, fransız, amerikan, ingilis, yapon, latın amerika ədəbiyyatlarını şəxsiyyətimin və təfəkkürümün bir hissəsi hesab edirəm. Amma bizim kimi bəzi cəmiyyətlərdə dil iqtidar ya da bəzi qruplar və şəxslər üçün üstünlük və hökmranlıq simvoluna çevrilir: yalnız bir dil hər yerdə və bütün sahələrdə işlədilə bilər, digərləri isə görünən və görünməyən məhdudiyyətlərin təsiri altında yavaş-yavaş yox olmalıdır. Mənə verilən 18 illik həbs cəzası eyni qüvvələrin xalqıma və ana dilimə çıxardığı ölüm hökmünün bir hissəsidir. Amma necə ki, hər bir insanın bərabərlik şəraitində ləyaqətlə yaşamaq hüququ var, eləcə də hər bir dilin ləyaqətlə yaşamaq və inkişaf etmək hüququ var. Əgər bu gün olmasa da, bir gün talış dili də bu hüququ qazanacaq.
Acta Talyshica
Talış Milli Akademiyası İqbal Əbilovun redaktorluğu ilə talışşünaslığa həsr olunmuş “Acta Talyshica” adlı multidissiplinar elmi topluya məqalələr qəbulu elan edir.

Talış, ingilis, rus və Azərbaycan türkcəsində çap olunmamış tədqiqatlar çapa qəbul edilir. Əlyazmalar (Times New Roman şrifti, 14 punto, 1,5 sətir intervalı, qeydlər və istinadlar hər səhifədə, tezislər 250 sözdən çox olmamalıdır) 1 fevral 2026-cı il tarixinədək actatalyshica@protonmail.com ünvanına göndərilməlidir.

Azərbaycanda bu ixtisasla ilk elmi toplunun həbsxana şəraitində hazırlanması faktı simptomatik və nümayişkaranədir. Bu gün, 23 oktyabr 2025-ci ildə Şirvan Apellyasiya Məhkəməsi talış tədqiqatçısı və maarifçisi İqbal Əbilova oxunan ciddi rejimli cəzaçəkmə müəssisəsində 18 il müddətinə azadlıqdan məhrum edilmə cəza hökmünü qüvvədə saxladı. Akademik və ictimai fəaliyyətinə görə o, “dövlətə xəyanət”, “dövlətə qarşı çağırışlar”, “milli ədavətin salınması” kimi qondarma ittihamlarla təqib edilir. İ. Əbilov Avropa Parlamenti və çoxsaylı beynəlxalq insan haqları təşkilatları, o cümlədən Freedom Now, Amnesty International, Scholars at Risk, Committee of Concerned Scientists, the International Committee of Concerned Scholars, Sülh və Demokratiya İnstitutu, Human Rights Watch, Memorial Italia, və başqaları tərəfindən siyasi məhbus kimi tanınıb.

Həbs şəraitinə baxmayaraq, o akademik tədqiqatlarını davam etdirir. Çünki elmin, cinayət təqiblərinə (18 ilədək ağır həbs cəzaları da daxil olmaqla), təhdidlərə, nüfuzdan salma (diskreditasiya və komprometasiya) cəhdlərinə, damğalanma (stiqmatizasiya) və marginallaşdırma cəhdlərinə qarşı yeganə mümkün cavabı möhkəm qalmaq və azad və müstəqil tədqiqatların akademik standartlarını qoruyaraq obyektiv araşdırmaları davam etdirməkdir.
Made on
Tilda